AZƏRBAYCANDA MÜASİR SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ KOMMERSİYA FƏALİYYƏTİNİN İDARƏ EDİLMƏSİNİN TƏHLİLİ

Həsənov Hüseyn Kamal oğlu- i.e.n., dosent, Sənayenin təşkili və idare edilməsi kafedrası, AzMİU,huseynhasanov@mail.ru

Cəfərquluyev Eltun Etibar oğlu- marketinq təcrübəçi, Prior Leasing ASC, eltuncafar@mail.ru

Xülasə. Hal- hazırda sənaye müəssisələrinin əksəriyyəti əslində təşkilati idarəetmə strukturlarında dəyişikliklərə başlayırlar. Bir sıra sənaye müəssisələri müstəqil marketinq şöbələri təşkil ediblər ki, bu da hələ öz təşəkkülünü başa çatdırmayıb və buna görə də marketinq funksiyalarını tam həcmdə yerinə yetirmirlər. Bir qayda olaraq, yaradılmış marketinq şöbələri əmtəə bazarının öyrənilməsi, reklam, müştəri xidməti və satışına daha çox diqqət yetirirlər Müəssisələrin iqtisadiyyatdakı funksiyalarına və nail olmağa çalışdıqları məqsədlərə diqqət yetirilərək edilən bu təsnifatlar həm müəssisələri daha elmi şəkildə tədqiq etməyə, həm də onların problemlərinin sağlam və ardıcıl həlli təkliflərini ortaya qoymağa imkan verəcəkdir. Bu məqamda ən mühüm problem müvafiq ədəbiyyatda müəssisələrin təsnifatı üçün çoxlu müxtəlif meyarlardan və yanaşmalardan istifadə edilməsidir. Sənaye müəssisəsində istehsal olunan malların satışından əvvəl bazar araşdırması, məhsulun işlənməsi, onun qiymətləri, çeşidlərin planlaşdırılması, malların bazara çıxarılması kanalları və satışın təşviqi üsullarını əhatə edən marketinq tədqiqatları aparılmalıdır. Malların satışında kommersiya fəaliyyətinin marketinq konsepsiyasına yönəldilməsi satışın təşkilində əhəmiyyətli dəyişikliklər etmişdir. Mal istehsalçısı təkcə təchizatçı olmamalı, o, marketinq fəaliyyətinin effektivliyini daim təhlil etməli, marketinqin yeni formalarını işləyib hazırlamalı və həyata keçirməlidir.

Açar sözlər: Azərbaycan, müasir sənaye, kommmersiya fəaliyyəti, idarəetmə, kommersiya fəaliyyəti

;