AzMİU

                   Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkəmizin ali təhsil müəssisələri arasında öz yeri və nüfuzu olan, zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malik təhsil ocağıdır. Əsası 1975-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan universitetdə tədris azərbaycan, rus və ingilis dillərində aparılır. Professor-müəllim heyəti 595 nəfər təşkil edir. 8 fakültədə bakalavr səviyyəsində 25, magistr səviyyəsində 26 ixtisas üzrə 10000-ə yaxın tələbə təhsil alır. Dünyanın 14 ölkəsindən 700-ə yaxın əcnəbi tələbəsi var. Universitetin nəzdində İnşaat Kolleci və Fizika-riyaziyyat təmayüllü Lisey,  eyni zamanda 2010-cu ildən Layihə İnstitutu fəaliyyət göstərir. Ümumi sahəsi 49000m2  olan 4 tədris korpusu, tələbə şəhərciyi və idman kompleksi var.

          Azərbaycan Memarlıq və İnşaat Universiteti 1920-ci ildə Bakı Politexnik Texnikumunun tərkibində İnşaat fakültəsi, 1932-34-cü illərdə sərbəst Azərbaycan İnşaat İnstitutu (Azİİ), 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun tərkibində İnşaat fakültəsi kimi fəaliyyət göstərib. 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun yaranması ilə əlaqədar Memarlıq və İnşaat fakültəsi statusunda oraya köçürülüb. 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılıb. 1992-ci ildən institut Universitet statusu alıb. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılıb. Elə həmin ildə də professor, Əməkdar memar Gülçöhrə Hüseyn qızı Məmmədova Universitetin rektoru təyin olunub.  

 

;