http://doi.org/1058225/sw.2023.1-63-68 MƏSAFƏDƏN ZONDLAMADA TƏMİZ SUYUN SPEKTRAL XÜSUSİYYƏTLƏRİNİN ARAŞDIRILMASI Qəniyeva Saçlı Abdulxaq qızı- f-r.e.f.d., dosent, Geomatika kafedrası, AzMİU, s.ganiyeva@hotmail.com Annotasiya. Məqalədə təmiz suyun spektral xüsusiyyətləri məsafədən zondlama məlumatları əsasında araşdırılmışdır. Məqalədən aydın olur ki, spektral xüsusiyyətlər fərqli dalğa uzunluqlarında bərk və maye fazada müxtəlif cür əks olunurlar. Bu isə okeanların, dənizlərin, çayların və digər hövzələrin suyunun təmizliyinin araşdırılmasında böyük üstünlüyə malikdir. Şüa axını havadan suya keçərkən sınma göstəricisinə görə istiqamətini dəyişir. Adətən Günəşin zenitdə olduğu hallarda daha çox şüa su hövzəsinə daxil olur və bu da obyektin daha çox məsafədən zondlamasına səbəb olur. Temperaturun təsiri ilə də tamamilə qara bir cismin şüalanma intensivliyinin baş verdiyi də aydın olmuşdur. Su molekulları və ionları ilə işığın yayılması görünən diapazonun qısa dalğa uzunluğunda maksimum qiymət aldığı məlum olmuşdur. Spektrin müxtəlif diapazonlarında və dalğa uzunluqlarında elektromaqnit dalğalarının daxilə keçmə dərinliyi dəyişir. Lakin ultrabənövşəyi şüa atmosfer tərəfindən udulduğundan, spektrin ultrabənövşəyi diapazonunda su səthinin öyrənilməsi əsassız hesab edilmişdir. Ona görə də burada görünən diapazondan istifadə edilməsi məqsədəuyğun hesab edilir. Açar sözlər: məsafədən zondlama, spektral xüsusiyyətlər, əksetmə qabiliyyəti, görünən diapazon, elektromaqnit şüası

;